Naxçıvan Muxtar Respublikasında yaşayan və ya fəaliyyət göstərən gənclər üçün təşkil olunan “Təlimçilər üçün təlim” (TOT) proqramına noyabrın 29-da start veriləcək. TOT üçün qeydiyyatdan keçənlər arasından müsahibə mərhələsi əsasında seçilmiş gənclər təlimlərdə iştirak hüququ qazanıblar.
Layihə çərçivəsində 50 gənc 7 mərhələdən ibarət, ümumilikdə 126 saatlıq intensiv təlim proqramında iştirak edəcək. Təlimlər zamanı iştirakçılar peşəkar təlimçilik bacarıqları, liderlik, kommunikasiya, auditoriya ilə iş və effektiv təqdimat üsulları üzrə bilik və praktiki vərdişlər əldə edəcəklər. Təlim proqramı peşəkar təlimçilər – Toğrul Ələkbərov, Pərviz Əfəndizadə, Nərmin Allahverdiyeva və Səyavuş Hüseynli tərəfindən keçiləcək.
Proqramı uğurla başa vuran iştirakçılar sertifikat əldə etməklə yanaşı, qazandıqları bilik və təcrübəni digər gənclərlə bölüşmək, gələcəkdə təlimçi kimi fəaliyyət göstərmək imkanı qazanacaqlar.
Qeyd edək ki, layihə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.